Layihə haqqında

Gənc sahibkarlar 6 həftəlik akselerasiya proqramında iştirak etməyə dəvət olunur

“Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı və tərəfdaşları gənc sahibkarları beynəlxalq səviyyəli “Youth Inc. Business Academy” Akselerasiya Proqramında iştirak etməyə dəvət edir.

“Youth Inc. Business Academy” Akselerasiya Proqramının iştirakçıları xarici və yerli mentorlar tərəfindən hazırlanan 6 həftəlik intensiv təlim-tədris kursunda iştirak etmək imkanı qazanacaq. Təlimlər zamanı, yüksək fəallıq göstərən və reallaşması mümkün biznes ideyası olan iştirakçılar, biznes model kətanından istifadə edərək, biznes ideyanı sınaqdan keçirmək, həmçinin potensial müştəriləri necə aşkar etmək və onlarla əlaqə yaratmaq üçün mövcud üsul və vasitələr haqqında məlumatlandırılacaq, istər ölkədaxili, istərsə də ölkənin xaricindən olan potensial biznes tərəfdaşlarını (həm-təsisçiləri, investorları, mentorları və biznes məsləhətçilərini) necə aşkar etməyi, onlarla görüşüb birgə iş birliyi qurmaq imkanı əldə edəcəklər.

İştirakçılar, həmçinin biznesin təşkili, əqli mülkiyyət hüquqları, şirkətlərdə sahiblik və şəriklik formaları, biznesə maliyyənin cəlb olunması üsulları və yeni texnologiyalardan şirkət işində istifadə yolları barədə müvafiq bilik və bacarığa yiyələnmək şansı qazanacaqlar.

Proqram iştirakçıları öz bizneslərini ABŞ və Azərbaycandan olan investorlara təqdim edərək 50.000 AZN məbləğinə qədər investisiya cəlb etmək imkanı da əldə edəcəklər.

“Youth Inc. Business Academy” Akselerasiya Proqramı “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı çərçivəsində “Coca-Cola” şirkəti, DVC, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı” və “Nobel Oil” enerji şirkətinin dəstəyi ilə həyata keçirilir. Proqramın iştirakçısı olmaq üçün 18-35 yaş arası gənc sahibkarlar müraciət edə bilər. Son qeydiyyat tarixi 5 may 2016-cı il.